Şərh (izah)
Ömər bin Əl-Xattab (Allah ondan razı olsun) xəbər verir ki, Cəbrayıl (Allahın ona salamı olsun) kimsənin tanımadığı insan şəklində onların yanına gəlir. O, ağappaq libaslı, qap-qara saçlı, üzərində toz-torpaq, yorğunluq, dağınıq saç, bulaşmış paltar kimi hər hansı bir səfər əlaməti olmayan və aramızda onu heç kimin tanımadığı bir adam surətində idi. Sahabələr Peyğmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ətrafında ikən, o yaxınlaşıb Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşısında tələbə oturuşu ilə əyləşir və İslam haqqında soruşur. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab olaraq: şəhadət kəliməsi, beş vaxt namaz qılmaq, layiq olanlara zəkat vermək, Ramazan ayını oruc tumaq, imkanı çatdığı təqdirdə həcc etmək kimi İslamın ərkanları barədə ona məlumat verir.
Sual verən kəs dedi: Doğru buyurdun! Məlumatsız olduğuna bənzəyən şəxsin ilk olaraq sual verib , sonra isə sualın cavabını təsdiq etməsinə səhabələr təəccüb etdilər.
Sonra o iman haqqında soruşduqda Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da uca Allahın mövcudluğuna və Onun sifətlərinə iman, yaratma kimi bütün fellərində tək olmasına, həmçinin ibadətə yalnız tək Onun layiq olduğuna, Allahın mələkləri nurdan yaratdığına, Ona üsyan etməyən və əmrlərini yerinə yetirən hörmətli qulları olduğuna, uca Allah tərəfindən peyğəmbərlərinə endirilən Quran, Tövrat, İncil və digər kitablara iman, Nuh, İbrahim, Musa, İsa, peyğəmbərlərin sonuncusu olan Muhəmməd (Allahın salavatı və salamı onların üzərinə olsun) və digər bütün peyğəmbərlərə və onların Allahın dinini insanlara çatdırdıqlarına iman, ölümdən sonrakı qəbr həyatına və bərzəx dünyasına, insanların dirilib hesaba çəkiləcəyi və bunun nəticəsində ya cənnətə, ya cəhənnəmə gedəcəyini əhatə edən axirət gününə, Allahın bütün hər şeyi əzəli elmi və doğuran hikməti ilə təqdir etməsinə, bunları qeydlə yazdığına, istədiyi və təqdir etdiyi şəkildə reallaşacağına və yaradacağına iman etmək barədə altı əsası bildirmişdir. Sonra ihsan haqqında soruşduqda Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ihsan Allahı sanki görürmüşsən kimi ibadət etməkdir, hətta bu məqama yetişilməsə belə, uca Allaha elə ibadət et ki, sanki Onun nəzarəti altındasan .Buna görə də birinci və ən uca məqam Allahı görürmüş kimi ibadət etməkdir, ikinci məqam isə, Onun səni gördüyünü, Onun nəzarətini bilərək ibadət etməkdir.
Sonra bu adam Qiyamətin nə zaman qopacağını soruşur. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Qiyamətin qopacağı gün yalnız Allaha məlumdur, onu yaradılmışlardan kimsə bilmir, bu haqda nə soruşulan, nə də soruşan məlumatlı deyildir.
Sonra Qiyamətin əlamətləri haqqında soruşduqda Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kölələrin və övladlarının sayının artmaları, yaxud övladların valideynlərin üzünə ağ olub, onlarla kölə kimi davranmaları, qoyun otaranların və kasıbların Qiyamətə yaxın zənginləşib, binalar ucaltmaları və onları bəzəmədə yarışaraq bir-biri qarşısında fəxr etmələri Qiyamətin əlamətlərindəndir.
Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, sual verən kəs, mələk- Cəbrayıldır (Allahın ona salamı olsun), sahabələrə tövhid dini olan İslamı öyrətmək üçün gəlmişdir.